Cəsur döyüşçü və beynəlxalq layihələrə imza atmış uğurlu işgüzar xanım Sofiya Kakkava sadəcə uğurlu idmançı və lider deyil, eyni zamanda qlobal miqyasda tanınan, azadlıq və liderlik ideyalarını təbliğ edən ilham mənbəyidir.

Onun uğur hekayəsi uşaq yaşlarında Afinada keçirilən bir müsabiqəsində qalib gəlməsi ilə başlayır. Bu qalibiyyət uğurlu gələcəyin ilk işarəsi idi. Koreya döyüş sənətləri üzrə dünya çempionu olan Kakkava, daha sonra Avropa və ABŞ-da keçirilən beynəlxalq yarışlarda 100-dən çox qələbə qazanaraq adını döyüş sənətləri tarixinə yazdırıb.
Yunan və Kipr Cəmiyyətinin prezidenti olan cəsur döyüşçü fəaliyyəti dövründə cəmiyyətə “Ən Yaxşı Mədəniyyət İcması” mükafatını qazandırıb.


Peşəkar karyerasında sürətlə yüksələn Sofia Kakkavanın əsl missiyası qlobal miqyasda insanlara təsir etmək idi. 40-dan çox ölkədə məruzəçi olaraq çıxış etmiş Kakkavanın fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. O, BƏƏ Kral Ailələri tərəfindən “Sağlamlıq və Rifah üzrə Qlobal Lider” adına layiq görülüb.

Sofia Kakkava 2024-cü ildə Kilimancaro dağına qalxması ilə adından söz etdirib. Bu fəth insan potensialına və daxili gücə olan sarsılmaz inamın simvolu kimi qiymətləndirilir.